Əliağa Kürçaylının lirik poemaları

22.11.2017 4934

Elnur Rəsuloğlu (Əliyev)

 

Hamı şeir yaza bilər, amma poema qələmə almağı hər şair bacarmır.
 
 Bir çoxumuza yaxşı məlumdur ki, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin (1126-1199) yarı xatirə, yarı səfərnamə səciyyəsi daşıyan, şairin Şirvanşahlar sarayında gördüyü zülm və ədalətsizliklərə qarşı dərin etirazını bildirdiyi, müasirlərindən, qohumlarından, dostlarından, uşaqlıq və təhsil illərindən söhbət açdığı, nəcib insani sifətləri təbliğ etdiyi və böyük Nizami Gəncəvinin (1141-1209) “Xəmsə” toplusuna daxil olan “Sirlər xəzinəsi”nə (1174-1175) bənzədilən “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır.
 Mərhum tənqidçi-alim Abbas Hacıyevin (1933-2011) fikrincə, poemalar məzmununa, quruluşuna, ideyasına, təhkiyə və ahənginə görə müxtəlif tiplərə - lirik, epik və dramatik poemalara ayrılır.
 Əsərlərində sarayların iç üzünü açmış, şah və hakimlərə qarşı kəskin tənqidi münasibət bildirmiş Xaqani Şirvanidən üzü bəri bugünkü günümüzədək ədəbiyyatımızda çoxlu sayda poema yazılsa da, bu janrın inkişaf dövrü iyirminci yüzilliyə, daha dəqiq desək, 1920-1991-ci illərə təsadüf edir. Ədəbiyyatşünaslar tərəfindən Azərbaycan ədəbiyyatının sovet dövrü kimi xarakterizə edilən bu mərhələdə epik poeziya yollarında inamlı addımlarla irəliləmiş Əliağa Kürçaylının (1928-1980) poemaları da xüsusi yer tutur. O, yazılı ədəbiyyatın bu janrına elə yaradıcılığının ilk illərindən meyil göstərmiş, ömrünün axırına qədər bu sahədəki axtarışlarını davam etdirmişdir.
 Ə.Kürçaylının müxtəlif illərdə nəşr edilmiş və kitablarında yer almış 25 poemasından yalnız üçü lirik səpkilidir. Bu əsərlərdə epik poemalara xas olan süjet xətti, konkret hadisələr və konkret obrazlar görünmür.
 İnsan əməyini tərənnüm edən, zəhmət adamlarının həyatından, duyğu və düşüncələrindən söz açan “Bakılı Kolumb” poeması (1970-1971) keçən əsrin 50-70-ci illərində aktual olan əmək mövzusunda qələmə alınmışdır. Kürçaylının bu maraqlı və oxunaqlı epik poeziya nümunəsinin giriş hissəsində şairin lirik poema kimi dəyərləndirdiyi əsər qəhrəman dəniz neftçilərimizə ithaf olunmuşdur. Poema hər birini 10 misra təşkil edən 15 şeir parçasından ibarətdir. Dənizlər allahı Neptunun adı çəkilən əsərdə müəllif dəniz neftçilərinin ağır əməyini tərənnüm edir, onların axtarışlarını, Kolumb inadını alqışlayır.
 Əməkdar İncəsənət Xadimi Əliağa Kürçaylının “Həyatın dolayları” kitabında (Bakı, “Azərnəşr”, 1973, səh.135-142) layiqli yerini tutmuş “Bakılı Kolumb”da şair sərbəstdir, fikrini, hiss və duyğularını heç bir çərçivəyə, qəlibə salmadan ifadə edir.
 Ana məhəbbəti mövzusunda yazılan “Ana” (1973-74) əsəri sırf lirik poemadır.
 Ə.Kürçaylının gözəllik ilahəsi Afroditanın adı keçən “Ana” poeması bu mövzuda qələmə alınmış digər epik poeziya nümunələrindən təbii ki, konkret hissi-emosional təqdimi ilə seçilir. Əsərdə göstərilən qadın Kürçaylının öz doğma anasıdır. Bu ananın özünəməxsus dünyası, mənəvi aləmi, həyata, insanlara öz baxışı var. Müəllif məhz bu özünəməxsusluğu bədii tədqiqat obyektinə çevirir.
 İlk dəfə şairin “Dünya ovcumdadır” kitabında (Bakı, “Gənclik” nəşriyyatı, 1976, səh.115-134) çap edilən poemada təsirli, bir ana qəlbinin böyüklüyündən söz açan səhnələr az deyildir.
 Əliağa Kürçaylının 1976-cı ildə yazdığı və 4 bölmədən ibarət “Adi adam” poemasında adından da göründüyü kimi, adi insanların mənalı həyatından danışılır. Əsərdə konkret bir obraz, real şəxsiyyət təsvir olunmur. Bu epik poeziya nümunəsi lirik planda qələmə alınmışdır.
 Ə.Kürçaylının şeir və poemalarının toplandığı, Azərbaycan Dövlət Mükafatına layiq görülən “Bütövlük” kitabında (Bakı, “Yazıçı” nəşriyyatı, 1978, səh.496-507) dərc edilmiş “Adi adam” poeması haqqında öncə söylədiklərimizə yeni bir fikir əlavə etmək çətindir. Lirik səpkili bu əsər müəllifin lirik planda yazdığı epik poeziya nümunələri ilə müqayisədə diqqəti o qədər də cəlb etmir.
 Kürçaylının lirikası onun bənzərsiz bir şair olduğunu təsdiq etdiyi halda, lirik poemaları müəllifin həyata, cəmiyyət hadisələrinə dərindən bələd olduğunu sübut edir.
 
 Qeyd. Bu yazı hazırlanarkən əlavə və dəyişikliklər edilməklə Sevda Əlican qızı Əliyevanın “Ə.Kürçaylının poetik dünyası” monoqrafiyasından (Bakı, “Azərnəşr”, 1998, səh. 156, 161-162, 192-193, 197-198) geniş şəkildə istifadə olunmuşdur.

Поделиться: